Almaniyanın Azərbaycandakı səfiri “Göygöl Şərab Zavodu”nu ziyarət
Almaniyanın Azərbaycandakı səfiri və səfirliyin əməkdaşları “Göygöl Şərab Zavodu” ASC-ni ziyarət ediblər. Qonaqlar üçün təşkil olunan ekskursiya zamanı müəssisənin zəngin tarixi, nəsildən-nəslə ötürülən şərabçılıq ənənələri və müasir istehsal fəaliyyəti təqdim olunub.
Səfər çərçivəsində nümayəndə heyəti zavodun 19-cu əsrin ortalarında inşa edilmiş tarixi şərab zirzəməsi ilə tanış olub. Dərinliyi 15 metr, uzunluğu 800 metr, ümumi sahəsi 6 000 kvadratmetr olan bu məkan müəssisənin əsrlərə söykənən irsini bu günədək yaşadır. Qədim daş divarlar və palıd çəlləklər arasında qonaqlara şərabların saxlanılması və yetişdirilməsinin incəlikləri barədə məlumat verilib.
Qeyd edək ki, 165 ildən artıq tarixə malik “Göygöl Şərab Zavodu” ASC ənənəvi şərabçılıq təcrübəsini müasir texnologiyalarla birləşdirir. Şirkətin “Xan 1860”, “Göygöl” və “Karabakh” brendləri altında təqdim etdiyi şərab, konyak, araq və digər məhsullar müxtəlif ölkələrə ixrac olunur və beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülüb.















