Ekskursiya & Dequstasiya
-
Şərab, konyak, spirt istehsalatı və üzüm plantasiyası ilə tanışlıq.
-
Saxlancda gəzinti və tarix üzrə məlumat.
-
Çəndən şərab (2 növ) dequstasiyası.
-
Firma dükanına ziyarət.
Qiymət (1 nəfər üçün): 15 AZN (min. 2 nəfər)
160 illik tarixə malik "Göygöl Şərab Zavodu" ASC Azərbaycanın ən qədim şərab, konyak, şampan və vodka istehsal edən müəssisəsidir. Cənubi Qafqazın qədim şərabçılıq təsərrüfatlarından biri olan Göygöl Şərab Zavodunun təməli 1860-ci ildə Azərbaycanda, o zamanlar Yelenendorf adlandırılan indiki Göygöl rayonunda məskunlaşmış şvab almanları tərəfindən qoyulmuşdur. 1862-ci ildə "Forer Qardaşları" Səhmdar Cəmiyyəti təsis olunmuşdur. Bu cəmiyyətə Xristofor Forer və onun oğulları Qotlob, Fridrix, Henrix və Xristofor rəhbərlik edirdilər. Elə həmin vaxt "Qummel Qardaşları Ticarət Evi" Səhmdar Cəmiyyəti yaradılmışdır ki, buna da Xristian Qummel və onun oğulları Yakob, Albert, Georq və Qotlib rəhbərlik edirdilər.
Hər iki cəmiyyətin İdarə Heyəti Yelenendorfda yerləşirdi, onların nümayəndəlikləri və satış mərkəzləri isə Gəncə, Bakı, Tbilisi, Sankt Peterburq, Moskva, Kiyev, Odessa, Tomsk və Batumi şəhərlərində fəaliyyət göstərmişdir. 8 avqust 1922-ci ildə bu zavodun əsasında yaradılmış "Konkordiya" kooperativi o vaxtlar bütün Qafqaz regionunda şərab, konyak və vodka istehsal edən ən böyük şərabçılıq təsərrüfatı idi.
Zavodda bir texnoloji qurğu kimi, Qafqazda analoqu olmayan, 19-cu əsrin ortalarında tikilmiş, dərinliyi 15 metr, uzunluğu 800 metr, ümumi sahəsi isə 6000 kvadrat metr olan şərab zirzəmisi indiyənədək mövcuddur. Burada klassik üsulla hazırlanmış kolleksion şampanlar, madeira və yüksək keyfiyyətli süfrə şərabları saxlanır.
Müəssisədə ”Kaqor”, “Köhnə portveyn”, “Ağ süfrə şərabı”, ”Qırmızı süfrə şərabı”, “Xeres şərabları”, “Qaranquş”, ”Ekstra” konyakları, likyorlar və şampan şərabları qədim vaxtlarda istehsal olunurdu. Həmin vaxt Azərbaycanda istehsal olunan şərab məhsullarının böyük hissəsi Göygöl Şərab Zavodunun payına düşürdü, həmçinin Rusiya imperiyasında yalnız dörd müəssisə klassik fransız texnologiyasından istifadə edərək şampan istehsal etmişdir ki, Göygöl Şərab Zavodu onlardan biri idi. Bir faktı göstərmək kifayətdir ki, 1924-1925-ci illər ərzində "Konkordiya" Cəmiyyəti 1 350 397 vedrə şərab istehsal etmişdir.
1926-ci ilin statistikasına əsasən Azərbaycanda yığılan üzümün 48%-i Göygöl Şərab Zavodunda emal edilmişdir. Bu dövrdə müəssisənin 13 şərab zirzəmisində 670 min vedrə şərab saxlanılırdı. Həmin illərdə şərabla yanaşı konyak istehsalı sahələri də yaradılmışdır.
Bugün bizim şərablar qədim tarix, böyük ənənə, klassik reseptura və müasir texnologiyaların vəhdətindən yaranan yüksək keyfiyyətli məhsullardır.